DÜNYA
Britaniya alimlərinin fikrincə, xoşbəxt həyat 45 yaşından sonra başlanır
Bakı, 12 mart (AZƏRTAC). Uorvik Universitetinin alimlərinin fikrincə, insan yaşlandıqca, daha xoşbəxt olur. “The Daily Mail” yazır ki, orta yaş həddini keçdikdən sonra insanların səhhəti pisləşsə də xoşbəxtliyin səviyyəsi artır.
Britaniya alimləri ABŞ və Böyük Britaniyada on min adamın həyatını təhqiq etmiş və ümumilikdə sağlamlığın vəziyyətinin qiymətləndirilməsi, ağrıların olub-olmaması, sosial həyat və ruhi sağlamlıq kimi amilləri nəzərə almışlar. Tədqiqat göstərmişdir ki, xoşbəxtlik hissi təxminən 45 yaşında minimal nöqtəyə çatıb qocaldıqca artmağa başlayır.
Tədqiqatın rəhbəri Saverio Streincers demişdir: “Ehtimal ki, insanlar yaşlandıqca çətinliklərə daha təmkinlə qatlaşırlar. Gənclərdən fərqli olaraq yaşlılarda çətinliklərə sinə gərməyə kömək edən müdafiə mexanizmi yaranır. Bundan əlavə, yaşlılar həyatdan çox şey gözləmədikləri üçün iş və şəxsi həyatla bağlı stresslərə də təsadüfi hallarda düşürlər”.
İnsan yaşlandıqca özünütəhlillə daha az-az məşğul olur. Özünütəhlil isə pis əhval-ruhiyyənin və əsəb gərginliyinin başlıca səbəblərindəndir.
Stenford Universitetinin psixologiya professoru Lora Karstensen “Uzunsürən işıqlı gələcək” kitabında yazır ki, ömrün sonu emosiya baxımından ən yaxşı illərdir. Yaşlı adamlar depressiya və həyəcandan təsadüfi hallarda əziyyət çəkirlər. 20-30 yaşlı gənclərdən fərqli olaraq, ahıllar hisslərini asanlıqla idarə edir və mənfi emosiyalara qapılmırlar. Alimin fikrincə, illər ötdükcə biz bu günlə yaşayır, başqalarının rəyi ilə çox da maraqlanmır, sosial təzyiqə məruz qalmırıq. Biz anlayırıq ki, vaxt ötür və həyatdan həzz almağa tələsmək lazımdır. Bizim diqqətimizə, həyəcanımıza, vaxtımıza nəyin layiq olduğunu dəqiq müəyyənləşdiririk.