DÜNYA
Britaniya bankları böhrandan daha çox hakerlərdən qorxurlar
Bakı, 13 iyun (AZƏRTAC). Britaniya bankları hakerlərin əlindən cana gəlmişlər. Maliyyəçilər hətta borc böhranından daha çox kibercinayətkarlardan qorxurlar. Bunu İngiltərə Bankının maliyyə sabitliyi şöbəsinin rəhbəri Endryu Heldeyn bildirmişdir. O, Böyük Britaniyanın beş iri bankının nümayəndələri ilə görüşmüşdür. Onlardan yalnız biri həmin vaxt hakerləri özünün əsas problemi hesab etmədiyini demişdir.
Yarım il əvvəl işlər belə idi.
İndi artıq beş bankın hamısı kibercinayətkarlardan oddan qorxan kimi qorxurlar. E.Heldeyn Maliyyə Nazirliyinin fəaliyyətini izləyən xüsusi parlament komitəsi qarşısında hesabatında bu barədə məlumat vermişdir.
Məmurun sözlərinə görə, bank sektorunda haker hücumlarından müdafiə sistemi hələ də başlanğıc vəziyyətindədir.
Bunun səbəbi odur ki, bir neçə il dalbadal şirkətlər borc böhranı fonunda iqtisadi artımın ləngiməsini əsas təhlükə hesab etmişlər. Onlar hesabların möhkəmləndirilməsi və likvidliyin şişirdilməsi ilə məşğul olmuşlar.
Lakin son hadisələr onları əsas diqqəti yeni təhlükəyə yönəltməyə vadar etmişdir.
Ötən ay ABŞ məlumat vermişdir ki, cinayətkar qruplaşma Yaxın Şərqdə kredit kartları üzrə transaksiyaları həyata keçirən şirkətlərin məlumat bazalarını dağıdaraq iki bankdan 45 milyon dollar oğurlamışdır. Pullar 27 ölkənin bankomatlarında nağdlaşdırılmışdır.
Endryu Heldeyn ölkənin hakimiyyət orqanlarını mümkün qədər tez bir zamanda maliyyə sektorunun kiberhücumlardan müdafiəsinin yaradılması üzrə yeni proqramlar işləyib hazırlamağa çağırmışdır.