İDMAN
Britaniya klubunun məşqçisi ingilis dilini bilməyən futbolçuları cərimələməyə hazırlaşır
Bakı, 21 sentyabr (AZƏRTAC). “Uotford”un baş məşqçisi Canfranko Dzola komandanın ingilis dilini bilməyən xarici oyunçularını cərimələməyi planlaşdırır. Bu yay “Şerşni” öz sahiblərinin nəzarətində olan “Udineze” və “Qranada”dan birdən-birə 13 futbolçu almışdır.
“Uotford”un start heyətində əslində heç ingilis yoxdur, lakin Dzola istəyir ki, onun futbolçuları öz vətəndaşlıqlarına baxmayaraq, sevimli işləri ilə məşğul olub buna görə pul aldıqları ölkənin danışdığı dili tez öyrənsinlər.
Canfrankonun fikrincə, məhz dil əngəli Çempionşip çərçivəsində komandanın dalbadal üç dəfə məğlubiyyətə uğramasında müəyyən rol oynamışdır.
Dzola demişdir: “Oyunçuların dili öyrənmək üçün lap az vaxtı vardır. Sonra biz cərimələrə və müxtəlif növ cəzalara əl atacağıq”.
Hazırda “Uotford” turnir cədvəlində 20-ci yeri tutur. Altı turdan sonra onun öz hesabında altı xal vardır.