DÜNYA
Britaniya sənaye inqilabından sonra ilk dəfə olaraq kömürsüz gün keçirib
Bakı, 22 aprel, AZƏRTAC
Böyük Britaniya aprelin 21-də elektrik enerjisi istifadə etmək üçün kömürdən istifadə etməyib. Bu barədə elektrik enerjisi üzrə milli operator - “National Grid” bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu, 1882-ci ildən etibarən elektrik enerjisi istehsalında kömürdən istifadə olunmayan ilk gündür. Bununla yanaşı, elektrik enerjisi operatoru kömürün vacib enerji mənbələrindən biri olaraq qaldığını vurğulayıb.
Statistikaya əsasən, aprelin 21-də Böyük Britaniyada istehsal olunan elektrik enerjisinin yarısı qazla, dörddəbiri atom, qalanı isə külək və bio-yanacaqla işləyən elektrik stansiyalarının payına düşüb. Bundan başqa, ölkəyə lazım olan elektrik enerjisinin bir hissəsi qonşu ölkələrdən alınıb.
Böyük Britaniya hökuməti havaya atılan karbon qarışıqlı maddələrin miqdarını azaltmaq üçün 2025-ci ilədək kömürlə işləyən sonuncu elektrik stansiyasını bağlamaq niyyətindədir.
1990-cı illərdən başlayaraq, Böyük Britaniya kömürün istifadəsini aktiv olaraq ixtisar edir. 2015-ci ildə ölkədə sonuncu dərin kömür mədəni bağlanıb. 2016-cı ildə kömürlə işləyən stansiyalar elektrik enerjisinin cəmi 9 faizini istehsal edib.