SİYASƏT
BRİTANİYADA 12 MİLYON VƏTƏNDAŞ BARƏDƏ MƏLUMATLAR YERLƏŞDİRİLMİŞ BAZANIN PAROLU YAZILMIŞ FLEŞ-KART İTİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Britaniya hökumətinin “Geytuey” internet portalı ikigünlük bağlanmışdır. Məsələ burasındadır ki, hökumətin elektron məlumatlar bazasının məxfi parolu yazılmış yaddaş kartı itmişdir. Kart pivə barlarından birinin həyətindən tapılmışdır. Bu barədə Bi-bi-si Britaniya hökumətinə istinadla xəbər verir. Hadisə ilə əlaqədar araşdırmalar aparılır.
Ehtimal ki, “Geytuey” elektron portalının işini təmin edən “Etos oricin” şirkətinin əməkdaşlarından biri təhlükəsizlik qaydalarını pozaraq yaddaş kartını özü ilə aparmışdır.
“Geytuey” portalında təxminən 100 ictimai xidməti orqanının məlumatları yerləşdirilmişdir. Britaniyalılar bu portal vasitəsilə öz vergi bəyannamələri, pensiya ödəmələri, uşaqlara görə müavinətlər və digər informasiyaları əldə edirlər. Britaniya hökumətində ümid edirlər ki, yaddaş kartı “yad əllərə” düşməmişdir. Əks halda, məlumatların məxfiliyinə xələl gələ bilər.