DÜNYA
Britaniyada 4 yaşlı qızın yaxasına taxdığı və oyuncaqlarının arasında saxladığı əşyanın çox bahalı olduğu aşkar edilmişdir
Bakı, 1 dekabr (AZƏRTAC). Londonda yaşayan İmocen Maksa anası 20 funt-sterlinq verərək oyuncaq medalyon almışdır. Medalyon baqqal dükanında, süni bəzək əşyaları arasında idi və uşağın anası Merien də bunun, sadəcə, oyuncaq, biujetirya olduğuna əmin idi.
Lakin bir neçə gün bundan əvvəl bəlli olmuşdur ki, 4 yaşlı İmocenin oyuncaq qutusunda saxladığı bu süni yaqut əslində gerçək yaqut, həmin qaşın ətrafındakı şüşələr isə almazlardır. Yaqut bəzəyin Rusiya çariçasının bəzəklərindən biri olduğu güman edilir.
Merien bildirmişdir ki, İmocenin oyuncağını rəfiqəm gördü. O, qızımın oyuncağına diqqətlə baxdı, sonra dedi ki, icazə olarsa, həmin oyuncağı laboratoriyada yoxlamaq istəyir. Axşam mənə zəng vurub dedi ki, qızımın oyuncağı əslində həddən ziyadə bahalı zinət əşyasıdır. İndi “oyuncağı” Nyu-York və Honkonqdakı ekspertlər qiymətləndirəcəklər.