BRİTANİYALI TARİXÇİ SƏHVİNİ BOYNUNA ALDI
O, məhkəmə iclası başlanmazdan əvvəl çıxış edərək demişdir: “Mən Osventsimdə qaz kameraları olmadığını söyləməkdə səhv etmişəm. Bəli nasistlər, həqiqətən, milyonlarla yəhudini qırmışlar. Mən Holokostu heç vaxt inkar etməmişəm”.
İrvinq 30 kitabın müəllifidir. Onlardan “Hitlerin müharibəyə doğru yolu” və “Hitlerin müharibəsi” əsərləri xüsusilə məşhurdur. Bu kitablarda o yazır ki, İkinci Dünya müharibəsi illərində yəhudilərin nasistlər tərəfindən məhv edilməsi çox şişirdilmişdir. Tarixçi həmçinin iddia edir ki, guya Adolf Hitler Holokost barədə heç nə bilmirdi.
Britaniyalı tarixçinin Avstriya şəhərlərində çıxışları və müsahibələri ilə bağlı hələ 1989-cu ildə verilmiş həbs haqqında orderə əsasən, ölkənin müvafiq orqanları onu ötən ilin noyabrında Qrats şəhəri yaxınlığında yaxalamışlar. O, çıxış və müsahibələrində Hitler Almaniyasının qaz kameralarından istifadə etməsi faktını danırdı. İrvinq çıxışlarında açıqca bildirirdi ki, nasistlərin yəhudiləri müntəzəm olaraq qırması faktını inkar etmir, sadəcə, qurbanların sayını və onların ölüm düşərgələrində saxlanması şəraitini şübhə altına alır.
Məhkəmə iclasından sonra İrvinq Avstriya ədalət mühakiməsinin qərarından çox məyus olmuş və indi apellyasiya vermək niyyətindədir. Müttəhim bildirmişdir ki, 17 il əvvəl dediklərinə görə mühakimə edilməsi ona “təəccüblü görünür”.