REGİONLAR
Britaniyalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələyə gələn yerli və xarici turistlər rayonun Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən Dövlət Tarix-Bədii Qoruğuna da səfər etməyə maraq göstərirlər. Qoruğun qapıları ilin bütün fəsillərində, istirahət və bayram günlərində ziyarətçilərin üzünə açıqdır. Böyük Britaniyadan gələn turistlər də qoruğa səfərlərindən razı qalıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Britaniyalı turistlər əvvəlcə Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olublar. Burada nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.