ELM VƏ TƏHSİL
“British Council” mehmanxana inzibatçısı istiqaməti üzrə pilot layihəyə başlayır
Bakı, 13 oktyabr, AZƏRTAC
“British Council Azərbaycan”, Abşeron Otellər Qrupu və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycanda turizm və peşə təhsilinin inkişafına olan hazırkı tələbatı nəzərə alaraq, mehmanxana inzibatçısı istiqaməti üzrə pilot layihə həyata keçirəcək.
“British Council Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, “Mehmanxana inzibatçısı və təcrübə proqramı” adı altında həyata keçiriləcək bu layihənin əsas məqsədi 5 nömrəli Bakı peşə liseyində aidiyyətli istiqamət üzrə milli peşə standartları və kvalifikasiyalarına uyğun yeni kurrikulumun hazırlanması, müəllimlərin qabiliyyət potensialının artırılması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsidir. Layihə çərçivəsində şagirdlərə məşğulluq imkanlarının təklif edilməsi nəzərdə tutulub ki, bu, da öz növbəsində onlara şagird olduqları müddətdə iş təcrübəsi əldə etməyə kömək edəcək.
“Mehmanxana inzibatçısı və təcrübə proqramı” 5 nömrəli Bakı peşə liseyində həyata keçiriləcək unikal pilot proqramı olaraq bu sahədə nəzəri biliklər və praktiki təcrübə əldə etməyə marağı olan şagirdlər üçün imkan yaradacaq. Müəllimlər üçün nəzərdə tutulmuş təlimlər və kurrikulumun hazırlanması Birləşmiş Krallıqdan dəvət olunan sahə üzrə mütəxəssis tərəfindən yerinə yetiriləcək. Pilot layihə olaraq həyata keçiriləcək bu proqram 2015-2016-cı tədris ilini əhatə edəcək.