İQTİSADİYYAT
“British Council” təşkilatının regional direktoru Maykl Bördün başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də “British Council” təşkilatının regional direktoru Maykl Börd, bu qurumun Azərbaycan üzrə direktoru xanım Elizabet Vayt və təşkilatın proqramlar üzrə direktoru Nigar Baimova Bakı Ali Neft Məktəbində (BANM) olmuşlar.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov Azərbaycanda həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, bu inkişafın nəticəsi olaraq artıq Azərbaycan istər dünyanın, istərsə də regionun əhəmiyyətli dövlətinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarından danışan rektor vurğulamışdır ki, ölkədə BANM-ın və bir çox beynəlxalq standartlara cavan verən təhsil ocaqlarının yaradılması buna bariz nümunədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin transmilli şirkət olaraq ölkəmizdə və xaricdə həyata keçirdiyi layihələrdən söhbət açan rektor BANM-ın yaradılmasının əsas məqsədlərindən birinin də məhz bu layihələrdə işləyə biləcək və müasir standartlara cavab verən ingilis dilli kadrların yetişdirilməsi olduğunu bildirmişdir.
Görüşdə “British Council” təşkilatının regional direktoru Maykl Börd çıxış edərək bildirmişdir ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması həm çox sevindirici, həm də çox önəmli məsələdir. Qonaq “British Council” təşkilatının BANM ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıqdan məmnunluq duyduqlarını qeyd etmişdir.
Sonda Bakı Ali Neft Məktəbi ilə “British Council” təşkilatı arasında əməkdaşlığa dair protokol imzalanmışdır.
Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “British Council” təşkilatının regional direktoru Maykl Börd imzalamışlar.
Əməkdaşlıq protokolunda ingilis dili müəllimləri üçün dərslərdən kənar treninqlərin keçirilməsi, idarəetmə aparatının, peşəyönümlü və ixtisas dərslərini tədris edən kafedraların işçiləri üçün Bakı Ali Neft Məktəbində ödənişli ingilis dili dərslərinin təşkili, BANM əməkdaşları və tələbələr üçün tətil müddətində Böyük Britaniyada ingilis dili üzrə biliklərinin zənginləşdirilməsi məqsədi ilə təlim-tədris səfərlərinin təşkili məsələləri əksini tapmışdır. Həmçinin sənədə əsasən tələbələrdən aralıq, semestr və IELTS imtahanlarının qəbul edilməsinə metodiki yardım göstərilməsi, Bakı Ali Neft Məktəbinin peşəyönümlü və ixtisas fənlərini tədris edən kafedralarının fəaliyyətinə ingilisdilli mütəxəssislərin cəlb olunması və bu ali məktəbin resurs mərkəzinin ingilis dilində nəşr edilmiş ümumi fənlər üzrə kitablar və elektron vəsaitlərlə zənginləşdirilməsinə kömək göstərilməsi nəzərdə tutulmuşdur.