CƏMİYYƏT
Brüsseldə Suriya qaçqınları ilə bağlı sərgi və konfrans keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Brüsseldə, Avropa Parlamentində “Sülhdən danışan müasir incəsənət. Suriya qaçqınlarına yardım” adlı sərgi və konfrans keçirilib. Tədbirlərə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Sayyad Kərim ev sahibliyi edib. Bu təşəbbüs Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Avropa üzrə əlaqələndiricisi Leyla Qasımova tərəfindən irəli sürülüb. Məqsəd beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanınması, xalqlar arasında sülhü təbliğ etmək, münaqişə zamanı zərərçəkmiş insanların hüquqlarını qorumaq, insanlara zorakılığın müxtəlif formalarının bərpasında yardım göstərmək, münaqişələrin davamlı həllini tapmağa kömək etmək olub. Tədbirdə Azərbaycanın və digər ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Leyla Qasımova tədbirdə çıxış edərək müasir incəsənətin millətlər arasında danışıqlar aparmaq üçün bir vasitə kimi seçildiyini və layihənin sülhyaratma, humanitar yardım çərçivəsində təşkil olunduğunu vurğulayıb.
Səyyad Kərim münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, bütün humanitar böhranların həllinin vacibliyini qeyd edib.
Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Paul dünyadakı qaçqın böhranından, münaqişələr nəticəsində yüzlərlə insanın qaçqına və məcburi köçkünə çevrilməsindən bəhs edib. O, həmçinin Cənubi Qafqazda həllini tapmamış münaqişələrin regionda təhlükəsizlik problemlərinin, məcburi köçkün sayının artmasına gətirib çıxarma təhlükəsindən danışıb.
Avropa Parlamentinin deputatı Ramona Manesku Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlardan uzaqlaşmanın, münaqişələrin vaxtında qarşısının alınmasının, məcburi köçkün və qaçqın probleminin həllinin Avropa Parlamentinin prioritet məsələsinə çevrilməsinin vacibliyini bildirib.
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli rayonundan olan məcburi köçkün İlkin Hüseynov torpaqların işğala məruz qalmasının acınacaqlı nəticələrindən, qaçqınların və məcburi köçkünlərin əzablı yollarından danışıb. O, dünya birliyini qaçqın və məcburi köçkün probleminin həllinə kömək etməyə çağırıb.
Sərginin ikinci günü müvafiq mövzuda konfrans keçirilib.