SİYASƏT
BRÜSSELDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ POÇT MARKALARI ÇAP OLUNMUŞDUR
Belçikada dövriyyəyə buraxılmış markaların birinin üzərində Azərbaycanın Dövlət bayrağının fonunda ümummilli lider Heydər Əliyevin şəkli verilmiş, “1923-2008” və “85 Year” (85 il) sözləri, digərinin üzərində isə ulu öndərin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin şəkilləri və “85 Year” sözləri çap olunmuşdur.
Bu markalardan dünyanın bütün ölkələrinə göndərilən məktublarda istifadə oluna bilər.
Qeyd edək ki, 2004-cü ildə də Belçika-Azərbaycan Evi üzərində ümummilli liderimizin və Azərbaycan Prezidenti İlham Əliyevin şəkilləri olan poçt markaları çap edərək dövriyyəyə buraxmışdı. Bu poçt markaları əhali arasında məmnunluqla qarşılanmış və geniş istifadə edilmişdir.
Belçika-Azərbaycan Evindən bildirmişlər ki, markaların Avropanın mərkəzi hesab edilən Brüsseldə çap olunması avropalıların Azərbaycanı yaxından tanıması istiqamətində yeni bir addım olacaqdır. Markaların Belçika Poçt İdarəsi tərəfindən təsdiqi isə onların dünyanın istənilən ölkəsinə göndərilməsinə imkan yaratmışdır.
Yeni poçt markalarını Belçika-Azərbaycan Evinin Bakı ofisindən əldə etmək olar.