ELM VƏ TƏHSİL
Bu həftə keçiriləcək qəbul imtahanlarına 3 min 309 nəzarətçi–müəllim cəlb edilib
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi-müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib.
Xatırladaq ki, iyulun 27-də imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İyulun 28-də isə yuxarıda qeyd olunan rayon və şəhərlərlə yanaşı (Qazax istisna), Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Quba olmaqla, ümumilikdə 22 şəhər və rayonda imtahan keçiriləcək.