İQTİSADİYYAT
Bu il 3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Bu il “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində "İqtisadi Elmi Tədqiqat İnstitutu" İdarə Heyətinin sədri Mahir Hümbətov ötən il üzrə fəaliyyətinin yekunları və gələcək planları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
M.Hümbətov qeyd edib ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq institut tərəfindən ümumrespublika və beynəlxalq elmi məqalə müsabiqəsinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfransın keçirilməsi, eləcə də 3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunun təşkili planlaşdırılır. Bu il institutun 3 dildə (Azərbaycan, rus, ingilis) rəsmi internet səhifələrinin (www.esri.gov.az və www.theesri.com) və sosial şəbəkə səhifələrinin fəaliyyətə başlaması nəzərdə tutulur. Həmçinin qurumun elektron kitabxanası və vahid elektron jurnal platforması yaradılmaqdadır.