İQTİSADİYYAT
Bu il Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 45 faizini təşkil edib
Bakı, 17 may, AZƏRTAC
Avropa İttifaqı( Aİ) Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. 2015-ci ildən bəri Aİ ölkələri və Azərbaycan arasında ümumi ticarət artaraq 2018-2019-cu illərdə təxminən 12,2- 12,4 milyard ABŞ dollarına çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.
2020-ci ildə COVID-19 ilə əlaqəli azalmadan sonra ticarət 2021-ci ildə 70 faiz artımla yenidən canlanıb. Bu il Azərbaycanın ümumi dövriyyəsinin təxminən 45 faizini təşkil edən 15,2 milyard ABŞ dolları dəyərində rekord səviyyəyə çatıb.
Cari ildə Aİ ölkələri arasında Azərbaycan idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Ruminiyadır. Azərbaycandan ən çox məhsul İtaliya, Xorvatiya, Almaniya, Portuqaliya və İspaniyaya ixrac edilir.