ELM VƏ TƏHSİL
Bu il Bakı Dövlət Universitetini beş minədək gənc bitirir
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib, məzunlar “Universitetim” şeirini oxuyublar.
Valideynə təşəkkür məktubu oxunduqdan sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməsindən, hərbi, mədəniyyət, idman, iqtisadiyyat və digər sahələrdə qazanılan uğurlardan danışıb. Elm və təhsil sahələrində həyata keçirilən layihələrdən söz açan rektor ölkə başçısının BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb, yubileyin UNESCO, ISESCO və bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən qeyd ediləcəyini söyləyib. Universiteti indiyədək 150 minədək tələbənin bitirdiyini deyən A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin də bu ali təhsil ocağının dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb.
Rektor təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun tələbələrinin sayının 22 mindən çox olduğunu bildirib. Qeyd edib ki, bu il universitetin 17 fakültəsini 5000-dək gənc bitirir. Onlardan 400 nəfərindən çoxu fərqlənmə diplomuna layiq görülüb. Hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunları respublikada ən yüksək nəticələr göstəriblər.
A.Məhərrəmov gənclərin Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il dönümündə məzun olmalarının onların yaddaşında əbədi iz buraxacağını vurğulayıb.
Azərbaycanın dövlət himni səsləndirilib.
Rektor universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edib.
Məzunlar universitetdə keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə BDU-nun rəhbərliyinə, müəllimlərə minnətdarlıqlarını bildirib, bu ali təhsil ocağının adını daim uca tutacaqlarına söz veriblər.
Sonda rektor və tələbələr üzərinə “Məzun-2018” yazılmış şarı havaya buraxıblar.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.