ELM VƏ TƏHSİL
Bu il Bakı Slavyan Universitetində 856 nəfər məzun olub
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Bakı Slavyan Universitetində (BSU) “Məzun günü” keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin heykəlinin önünə əklil qoyublar.
BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbir iştirakçıları arasında 1997-ci ildə universiteti bitirən məzunların da olduğunu bildirib. Gəncləri məzun adı qazanmaları münasibətilə təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələrini verməyi tövsiyə edib.
Təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 62 məzuna “Fəxri məzun” diplomu və xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 729, qiyabi təhsil alan 48 tələbə və magistratura səviyyəsi üzrə 79 magistrant məzun olub.