SİYASƏT
Bu il Bakıda qəzalı və təmirsiz məktəb qalmamalıdır
Bakı, 16 yanvar (AZƏRTAC). Bu il Bakıda və gələn illərdə isə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Sosial infrastrukturun - məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisinin nəzərdə tutulduğunu bildirən dövlətimizin başçısı demişdir: “Son on il ərzində 2500-ə yaxın məktəb tikilib və proses hələ də davam edir.
Ölkədə, ümumiyyətlə, 4500-dən bir qədər çox məktəb var ki, onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıb. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq, təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcək. Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır. Bu məsələ daim nəzarət altındadır”.