REGİONLAR
Bu il Beyləqan və İmişlidə 100 hektar sahədə yeni meşəlik salınacaq
Beyləqan, 25 avqust, AZƏRTAC
Cari ildə Beyləqan və İmişli rayonlarının dövlət meşə fonduna aid ərazilərdə 100 hektar sahədə yeni meşəliyin salınması nəzərdə tutulub.
Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin əvvəlindən 31 hektar sahədə göyrüş, iydə və qarağac cinslərindən ibarət yeni meşəlik salınıb. 800 hektar meşəyə mexaniki xidmət göstərilib, 2000 hektarda suvarma işləri aparılıb.
Kökləndirmək üçün 0,5 hektar sahədə 25 min ədəd nar ağacının qələmi basdırılıb, 2 hektarda (80 min ədəd) göyrüş, iydə, sərv, şam, tuya ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. İki hektar sahədə iydə, göyrüş və tut cinslərindən ibarət tinglik səpilib, 600 kiloqram qarağac, tut və iydə toxumu tədarük edilib.
Payız mövsümündə növbəti meşə əkinlərinə başlanılacaq. İlin sonunadək daha 69 hektarda yeni meşəlik salınacaq, 1 hektarda tinglik səpiləcək.