CƏMİYYƏT
Bu ilin birinci yarısında 12,8 mindən çox əlil protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib
Bakı, 9 iyul, AZƏRTAC
Bu ilin ilk altı ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan 4722 nəfərə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 600 nəfərə yaxınını ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan vətəndaşlar təşkil edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin birinci yarısında həmin müəssisələr tərəfindən əlilliyi olan şəxslər 527 aşağı və yuxarı ətraf, habelə döş protezi, 637 yuxarı və aşağı ətraf ortezi, 188 bel və boyun nahiyəsi üçün korset, 408 cüt protez ayaqqabı, 1971 cüt ortopedik ayaqqabı, 477 dördayaqlı dayaq vasitəsi, 3409 müxtəlif reabilitasiya vasitəsi, 434 cüt qoltuqaltı və 552 cüt dirsəkaltı ağac və s. ilə təmin ediliblər. Həmçinin əlilliyi olanlara 700 əlil arabası verilib.
Ümumilikdə ilin birinci yarısında 12825 əlilin protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində hesabat dövründə 308 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.