CƏMİYYƏT
Bu ilin birinci yarısında 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərilib
Bakı, 10 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində bu ilin birinci yarısında 5,7 min nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4,5 min nəfərə stasionar, 1,2 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin ölkənin bütün bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə sağlamlıq imkanları məhdud olanlar sosial statuslarının bərpası və cəmiyyətə inteqrasiya olunmaq üçün fizioterapevtik müalicə üsullarının geniş tətbiqi şəraitində kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinə cəlb edilirlər. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların bərpası prosedurlarının tətbiqi ilə yanaşı, onlarla bağlı müəyyən tədris metodikaları da həyata keçirilir.
Yanvar-may aylarında 4,7 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilməklə, onlara ümumilikdə 12,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 700 əlil arabası verilib.