DÜNYA
Bu ilin birinci yarısında Dubay gömrüyü 130 partiya kontrafakt mal müsadirə edib
Əbu-Dabi, 15 avqust, AZƏRTAC
2018-ci ilin birinci yarısında Dubay Gömrük Xidməti əqli mülkiyyət hüquqlarının pozulmasına dair ümumilikdə 35 milyon dirhəm məbləğində 130 partiya kontrafakt mal müsadirə edib.
AZƏRTAC Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) KİV-lərinə istinadla xəbər verir ki, Dubay Gömrük Xidmətinin məlumatında görülən tədbirlərin mülkiyyətçilərin brend mallar üzərində hüquqlarının müdafiəsinə imkan yaradacağı və kontrafakt məhsulların BƏƏ ərazisində yayılmasının qarşısını alacağı bildirilir.
Müsadirə edilən kontrafakt malların siyahısına elektronika, qol saatları, eynəklər, avtomobil üçün ehtiyat hissələri, tekstil, çantalar və ayaqqabılar daxildir. Həmin mallar emala göndərildikdən sonra onlardan Dubay Gömrük Xidmətinin ekoloji proqramı çərçivəsində istifadə edilir.
Dubay Gömrük Xidmətinin Əqli Mülkiyyət Hüquqları Departamentinin direktoru Yusuf Ozeyr Mübarək bildirib ki, qurum malların yoxlanılması məqsədi ilə lazımi texniki vasitələrlə təchiz olunub, əməkdaşlar isə yüksək səriştəlilik və peşəkarlıqları ilə seçilirlər. O deyib: “Bütün bunlar piratlarla səmərəli şəkildə mübarizə aparmağa şərait yaradır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi