İQTİSADİYYAT
Bu ilin birinci yarısında Tərtərdə ümumi daxili məhsulun həcmi 69,5 milyon manata çatdırılıb
Tərtər, 15 iyul (AZƏRTAC). Bu ilin birinci yarısında Tərtər rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 69,5 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,2 milyon manat və yaxud 12,5 faiz çoxdur. ÜDM-in 2,7 milyon manatını sənaye, 31,6 milyon manatını kənd təsərrüfatı, 9,8 milyon manatını tikinti-quraşdırma işləri, 22,3 milyon manatını ticarət xidmətləri, 1,9 milyon manatını nəqliyyat, 0,2 milyon manatını rabitə təşkil edib. Adambaşına 888,2 manat ÜDM istehsal olunub ki, bu da 2013-cü ilin birinci yarısına nisbətən 45,5 manat və yaxud 5,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar rayonda birinci yarımilin yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Hesabat yığıncağında daha sonra bildirilib ki, 2014-cü ilin birinci yarısında geniş tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir yetirilib.
Altı ayda bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 9,8 milyon manat olub. Bu dövrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli binanın, qaz istismarı sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının binalarının tikintisi başa çatdırılıb, Qazyan, Borsunlu və Rəcəbli kənd məktəbləri, Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolu əsaslı təmir olunub. Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb, şəhərin mərkəzi meydanı yenidən qurulub, prospekt və küçələrdə geniş abadlıq-quruculuq işləri aparılıb.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir, rayon icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunur. Nizami, V. Hüseynov və Ə. Paşayev küçələrində abadlıq işləri aparılaraq “Nümunəvi məhəllə”lər yaradılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilib ki, birinci yarım ildə əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün 13 subartezian quyusu qazılıb istifadəyə verilib. Kollektor və drenlərdə 8 min kubmetr lildən təmizləmə işləri aparılıb, R-7 kanalının R-7-1 paylayıcısının 3,9 kilometr hissəsinin tikintisi başa çatdırılıb, Qapanlı arxının Səhlabad kəndindən keçən hissəsinə 320 metrlik beton üzlük çəkilib. 2014-cü ilin məhsulu üçün rayonda 26,4 min hektar sahədə əkin aparılıb. Artıq rayonda taxıl biçini başa çatıb. Zəmilərdən 37,7 min ton məhsul yığılıb.
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar. Bildirilib ki, 2014-cü ildə qarşıya qoyulan vəzifələr vaxtında yerinə yetiriləcək, tərtərlilər müstəqil Azərbaycanın, o cümlədən Tərtər rayonunun inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlar.