İQTİSADİYYAT
Bu ilin yanvar-sentyabr aylarında Qusarda ümumi daxili məhsul istehsalı 19 faiz artmışdır
Qusar, 20 sentyabr (AZƏRTAC). Qusar Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda bu dövrün rayon üçün uğurlu keçdiyi, sosial-iqtisadi göstəricilərdə artım müşahidə olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə rayonda istehsal olunan ümumi daxili məhsul 19 faiz artmışdır. Son 9 ay ərzində 567 yeni iş yeri açılmışdır ki, onlardan da 360-ı daimi iş yerləridir.
Hesabat dövründə Samur qəsabəsində və İmamqulukənd kəndində yeni məhəllələrin qazlaşdırılmasına və Samur-Həzrə istiqamətində magistral qaz kəmərinin çəkilişinə başlanılmışdır. Uzun illərdən bəri içməli su problemi yaşanan Hil kəndinə 10 kilometr məsafədən yeni su xətti çəkilərək istifadəyə verilmişdir.
Yığıncaqda bildirilmişdir ki, 2004-2013-cü illər ərzində Qusar rayonunda müxtəlif maliyyə mənbələri hesabına ümumilikdə 8 min 112 şagird yerlik 35 məktəb binası tikilmişdir. Hazırda 1440 şagird yeri olan daha on məktəb binasının tikintisi ilə əlaqədar tədbirlər həyata keçirilməkdədir.