MƏDƏNİYYƏT
Bu layihədən çox şey əldə edəcəyəm
Zaqatala, 25 avqust (AZƏRTAC, Mustafa Dadaşov). Zaqatalanın bütün tarixi abidələrini, muzeylərini ziyarət etmişəm, görməli yerlərini gəzmişəm. Rayonumuz həqiqətən də gündən-günə gözəlləşir, abadlıq-quruculuq işləri çox böyük sürətlə gedir. Təbii ki, bütün bunlar bizi çox sevindirir.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şimal bölgəsinə ekskursiyaya yola düşən Zaqatala məktəblisi Ayşən Məmmədova AZƏRTAC-a müsahibəsində söyləyib.
Layihənin iştirakçısı olduğu üçün çox sevindiyini bildirən məktəbli deyib: “Həmişə istəmişəm ki, doğma yurdum Azərbaycanı daha yaxından tanıyım. Sözsüz ki, mən bu layihədən çox şey əldə edəcəyəm. Ən əsası odur ki, ölkəmizin gözəl bir guşəsini - Qubanı, Qusarı, Xaçmazı daha yaxından tanıyacağam. Bütün bunlara görə Prezident İlham Əliyevə Zaqatala məktəbliləri adından dərin minnətdarlığımı bildirirəm”.