REGİONLAR
“Bu yaz özün bir təbiət yarat!” aksiyasına sumqayıtlı jurnalistlər də qoşulub VİDEO
Sumqayıt, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bu yaz özün bir təbiət yarat!” şüarı altında keçirilən yaz ağacəkmə kampaniyasına aprelin 27-də Sumqayıt jurnalistləri də qoşulub.
AZƏRTAC xəbər verir ki, aksiyada media nümayəndələri ilə yanaşı, şəhərdə fəaliyyət göstərən yazıçılar, şairlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Sumqayıt həmişə təmizliyi, yaşıllığı ilə fərqlənən şəhər olub. “Bu yaz özün bir təbiət yarat!” aksiyasında Cənubi Qafqazın ikinci sənaye mərkəzi olan Sumqayıtı başdan-başa yaşıl dona bürümək həvəsi ilə yüzlərlə ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclar nazirliyin “Azəryaşlandşaft” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.