Budapeşt zooparkının ikinci həyatı
Budapeşt, 2 iyun, AZƏRTAC
Bir vaxtlar Budapeşt heyvanxanası dünyada ən yaxşı zooparklardan biri sayılırdı. Budapeşt şəhər parkı həmişə paytaxt sakinlərinin sevimli yeri olub. 1850-ci illərdə bu şəhərin əsasını qoyanlar Budapeşt zooparkının tikintisi üçün yer axtaranda məhz Budapeşt şəhər parkını seçdilər. Zooparkın açılışı üçün planlaşdırma və dizayn işləri bir neçə il vaxt tələb etdi. Əlbəttə, 1848-49-cu illər inqilabı da bu prosesi ləngitdi, nəhayət, 1866-cı ildə Budapeşt zooparkının açılışı baş tutdu. O vaxt zooparkın görkəmi bugünkündən xeyli fərqlənirdi, çünki unikal binaların əksəriyyəti xeyli sonra - 1910-cu illərdə tikilib. Bir neçə il qapıları bağlı qalmış zoopark 1912-ci il mayın 20-də yenidən açıldı.
Macarıstanın 1000 illik yubileyindən sonra Budapeşt zooparkının çətin günləri başladı. Nə yaxşı ki, onu tamam bağlamadılar. Ölkə paytaxtı zooparkı özəl təşkilatdan aldı və hakimiyyət orqanları burada yenidənqurma işləri aparmağı qərara aldılar. Fillər evinin minarəsi, əsas darvazalar və zürafələr evi kimi əlamətdar binalar tikildi. Maraqlıdır ki, bu binaların hamısı müəyyən sxem üzrə inşa edilib. Onlar birlikdə klassik macar şəhərinin strukturunu xatırladır. Buradakı kilsə, şəhər meydanı, digər əlamətdar memarlıq layihələri sayəsində Budapeşt zooparkı sözün həqiqi mənasında “şəhər içində şəhər”ə çevrilib. Burada hətta “qəsr xarabalıqları” müstəsna dekor elementləri olan “qəsr xarabalıqları” da var. Bu sanballı memarlıq layihəsinin müəllifləri olan iki əsas memar - Karoy Koş və Dejyo Zrumetski məhz bu layihə sayəsində məşhurlaşıblar.
İki dünya müharibəsindən çıxmış Budapeşt zooparkı bütün Avropada populyarlığını qoruyub saxlayıb. Turistlər və Budapeşt sakinləri yorucu şəhər həyatından dincəlmək üçün tez-tez buraya üz tuturlar. Zoopark çox münasib ərazidə - Qəhrəmanlar meydanı, muzeylər, şəhər parkı və Andraşi prospekti kimi obyektlərlə yanaşı yerləşir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt