MƏDƏNİYYƏT
Budapeştdə “Azərbaycan gecəsi” təşkil olunmuşdur
Budapeşt, 10 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Macar Coğrafiya Cəmiyyəti və Macar Mühəndislər Cəmiyyəti ilə birlikdə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə Budapeştdə “Azərbaycan gecəsi” keçirmişdir.
Tədbirdə hər iki cəmiyyətin üzvləri, bir sıra tanınmış macar alimləri, Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak etmişlər.
Səfirliyin müşaviri A.İmanov çıxış edərək Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, coğrafiyası, hazırkı siyasi-sosial durumu, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Macar Coğrafiya Cəmiyyətinin üzvü, səyyah, jurnalist və fotoqraf Gogoş Norbert və macar alimi xanım Borbola Obruşanska Azərbaycan haqqında təqdimatla çıxış etmişlər. Onlar bu il Azərbaycana səfərlərinin təəssüratlarından danışmışlar. Həmin təəssüratlar xanım B.Obruşanskanın “Azərbaycan” kitabında əksini tapmışdır. G.Norbert isə Macar Coğrafiya Cəmiyyətinin jurnalında bu ilin dekabr ayından başlayaraq geniş fotoreportajlarla müşayiət olunan 12 məqalə çap etdirməyi planlaşdırır.
Eyni zamanda, Macar Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə gələn ilin yayında əsasən cəmiyyət üzvlərindən ibarət ilk mütəşəkkil qrupun Azərbaycana səfəri təşkil olunacaqdır.
Böyük maraqla qarşılanan “Azərbaycan gecəsi” zamanı səfirlik tərəfindən ölkəmizlə bağlı macar dilində nəşr olunmuş kitab və bukletlərin sərgisi keçirilmiş, gecənin iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təklif edilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt