BUDAPEŞTDƏ XATİRƏ GECƏSİ
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın Budapeştdəki səfirliyində qanlı 20 Yanvar qurbanlarının xatirə gecəsi keçirilmişdir.
Müxtəlif vaxtlarda sovet totalitar rejiminin qurbanları olmuş ölkələrin diplomatlarının, Elmlər Akademiyası, elmi tədqiqat institutları, universitetlərin, nəşriyyatların, kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə Azərbaycan diasporu üzvlərinin toplaşdıqları gecənin iştirakçıları Qanlı Yanvar qurbanlarının, həmçinin sovet totalitar rejiminin bütün qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra gecəyə toplaşanlar 20 Yanvar hadisələrini əks etdirən materiallarla tanış olmuşlar. Məlumat verilmişdir ki, bu hadisələrdən əvvəl Dağlıq Qarabağ ətrafında münaqişələr, erməni təcavüzü baş vermişdi.
Qeyd olunmuşdur ki, respublikamızın əzəli torpaqlarına yiyələnmək iddiasında olan erməni separatçıların Qorbaçov rejimi tərəfindən açıq surətdə dəstəklənməsindən, Kremlin bütün siyasətindən hiddətlənmiş Azərbaycan xalqı SSRİ-nin tərkibindən çıxmaq tələbi ilə küçə və meydanlara axışmışdı. Məhz o zaman Azərbaycanda xalq azadlıq hərəkatını boğmaq məqsədi ilə keçmiş Sovet İttifaqı rəhbərliyinin qərarı ilə yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın digər rayonlarına silahlı qoşunlar və tanklar yeridilmişdi. Azərbaycanın o vaxtkı ali rəhbərliyi isə qan axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görməmişdi. Nəticədə dinc əhali arasında 1000-dən çox ölən və yaralanan vardı, yüzlərlə bina dağıdılmış və yandırılmışdı.
O zamankı sovet rəhbərliyinin riyakarlığını və qəddarlığını bütün dünyaya açıqlamış müasir dövrün görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti kimi, bu adamların da hünəri Azərbaycan xalqı və gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi olacaqdır.
Azərbaycanın Budapeştdəki səfirliyi 20 Yanvar hadisələrinə həsr olunmuş mətbuat sənədi hazırlamış və yaymışdır. Xatirə gecəsinə toplaşanlara 20 Yanvar hadisələri ilə bağlı sənədli kadrlar da göstərilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri