DÜNYA
Büdcə-maliyyə böhranı üzündən ABŞ Konqresindəki məşhur “Ohayo” saatı dayanmışdır
Bakı, 12 oktyabr (AZƏRTAC). Amerika Konqresində məşhur “Ohayo” saatı ABŞ-dakı büdcə-maliyyə böhranının qurbanlarından biri olmuşdur. Məlum olmuşdur ki, onun əqrəbləri dayanmışdır və qədim mexanizmi işə salan yoxdur.
Adətən bu işi görən senat ofisinin əməkdaşları minlərlə digər dövlət qulluqçusu ilə birlikdə ödənişsiz məzuniyyətə çıxmışlar.
Amerika senatorları öz mətbuat konfranslarını ənənəyə görə “Ohayo” saatının yanında keçirdiklərinə görə hündürlüyü üç metr olan bu saat Vaşinqtonda çox məşhurdur. O, dəhlizdə, Konqresin yuxarı palatasının zalına giriş qapılarından birinin yanında qoyulmuşdur.
Bu saatı qanunvericilərin sifarişi ilə təqribən iki yüz il əvvəl Filadelfiyadan olan saat ustası Tomas Boyt yaratmışdır. Saat əvvəlcə senatın köhnə binasında qoyulmuş, 1859-cu ildə isə indiki yerinə gətirilmişdir.
Konqreslə bağlı əfsanələrdən birində deyilir ki, “sərt qanun” illərində senatorlar çox vaxt spirtli içki şüşələrini saatın korpusunda gizlədirdilər.
ABŞ-ın rəmzi - bürünc qartal ilə bəzədilmiş bu zəngli saata nə üçün Amerika ştatlarından birinin adının verildiyini isə heç kəs bilmir.