Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BÜDCƏ SİSTEMİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 584; 2003-cü il, №6, maddə 267; 2004-cü il, №12, maddə 979; 2005-ci il, №5, maddə 393; 2006-cı il, №2, maddə 67, № 3, maddə 225, №12, maddə 1012; 2007-ci il, №12, maddə 1202; 2008-ci il, №12, maddə 1049) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1.1.2-ci, 4.2-ci, 12.1.5-ci, 12.1.11-ci, 16.2-ci və 18.3.1-ci maddələrdə “təşkilati” sözü “inzibati” sözü ilə əvəz edilsin.

2. 1.1.13-cü maddədə “dövlət büdcəsindən” sözləri “dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən” sözləri ilə əvəz edilsin.

3. 1.1.19-cu maddədə “gəlirləri” sözündən sonra “, həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar” sözləri əlavə edilsin.

4. 4.2-ci maddənin ikinci cümləsində “qanunvericiliklə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

5. 5.4-cü və 5.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“5.4. Müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir.

5.5. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır.”.

6. 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Ehtiyat fondları

6.1. Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər.

6.2. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.

6.3. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

6.4. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

6.5. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, yerli büdcələrin ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir.

6.6. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

6.7. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa çatır.”.

7. 10.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği, bu Qanunun 18.4-cü və 19.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz.”

8. 10.4-cü maddədə “müddəti” sözündən sonra “, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla”, sözləri əlavə edilsin.

9. 11.2-ci maddədən “makroiqtisadi” sözü çıxarılsın.

10. 11.3-cü maddənin ikinci cümləsində “proqramı” sözü “proqnozları” sözü ilə əvəz edilsin.

11. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına müvafiq olaraq, cari ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir.”.

12. 11.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Cari ilin aprel ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti il və sonrakı üç il üçün icmal büdcə proqnozu, dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.”.

13. 11.8-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanlarının razılaşdırdığı formalara və cari il mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək müvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə təqdim edirlər.”

14. 11.9.5-ci maddədə “proqramları” sözü “layihələri” sözü ilə əvəz edilsin.

15. 11.10-cu maddədə “üzrə və ortamüddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları” sözləri “və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı” sözləri ilə əvəz edilsin.

16. 11.11-ci maddədə “makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna” sözləri “dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara” sözləri ilə əvəz edilsin.

17. 12.1.8-ci maddədə “proqramlarının layihələri” sözləri “proqramının layihəsi” sözləri ilə əvəz edilsin.

18. 12.1.13-cü, 12.1.14-cü, 12.1.15-ci və 12.1.16-cı maddələr müvafiq olaraq 12.1.12-ci, 12.1.13-cü, 12.1.14-cü və 12.1.15-ci maddələr hesab edilsin və 12.1.14-cü maddənin əvvəlinə “dövlət büdcəsi kəsirinin” sözləri əlavə edilsin.

19. 14-cü maddədə “Növbəti il üçün dövlət büdcəsinin” sözləri “Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun” sözləri ilə əvəz edilsin.

20. 15.2-ci maddədə “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

21. 15.3-cü maddədə “dövlət büdcəsinin layihəsi” sözləri “dövlət büdcəsi” sözləri ilə əvəz edilsin və “gec olmayaraq” sözlərindən sonra “qanunla” sözləri əlavə edilsin.

22. Aşağıdakı məzmunda 15.5-ci maddə əlavə edilsin:

“15.5. Cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

Bu əlavə və dəyişikliklər dövlət büdcəsinə yenidən baxılması zərurətini yaratdığı təqdirdə, bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin müddəaları tətbiq olunur.”.

23. 17.3-cü maddə 17.4-cü maddə hesab edilsin və aşağıdakı məzmunda 17.3-cü maddə əlavə edilsin:

“17.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və bunun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.

24. 18.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya onun yerli bölmələrinə təqdim edirlər.”.

25. Aşağıdakı məzmunda 18.5-ci və 18.6-cı maddələr əlavə edilsin:

“18.5. Dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.

18.6. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilər.”.

26. 19.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü-altıncı abzaslar əlavə edilsin:

“Xarici valyutada dövlət büdcəsinə daxilolmalar hər hesabat ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir.

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin nəticəsi kimi dövlət büdcəsinin müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks etdirilir, həmçinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığında nəzərə alınır.

Yenidən qiymətləndirmə nəticəsində yaranan qazanc və ya itki dövlət büdcəsinin kassa icrasına aid olunmur və bu Qanunun 16.1.1-ci, 16.1.16-16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.”.

27. 19.4-cü maddənin birinci cümləsində “əməliyyatlar” sözündən sonra “, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

28. 19.9-cu maddədə “tam həcmdə və vaxtında” sözləri “qanunla bu gəlirlərin vergilərə cəlb edilməsi müəyyən edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 2 bank günü ərzində” sözləri ilə əvəz edilsin.

29. 20.3-cü maddənin ikinci cümləsində “ehtiyat fondlarından” sözləri “dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən” sözləri ilə əvəz edilsin.

30. 20.4-cü maddədə “gəlirlərini” sözü “gəlirlərinin icrasını” sözü ilə əvəz edilsin.

31. 20.6-cı maddədə “təsdiq edir” sözləri “(aşağıdakı əsas göstəricilər daxil olmaqla) təsdiq edir:” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.6.1-20.6.6-cı maddələr əlavə edilsin:

“20.6.1. müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ;

20.6.2. gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği;

20.6.3. manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki;

20.6.4. funksional təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin icrasının məbləği;

20.6.5. dövlət büdcəsinin kəsirinin (defisitin) və ya büdcə artıqlığının (profisitin) yuxarı həddinin məbləği;

20.6.6. cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı.”.

32. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 23. Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması

23.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.

23.2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

23.3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması barədə məsələ qaldırılır.

23.5. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrində müzakirə edilir.

23.6. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət büdcəsinin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi olmalıdır.

23.7. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

23.7.1. büdcə gəlirləri üzrə dəyişiklik aparılması ilə bağlı:

23.7.1.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.7.1.2. büdcə gəlirləri təsnifatının paraqrafları səviyyəsində dövlət büdcəsinin gəlirlərinin layihəsi;

23.7.1.3. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin gəlirlərinin icrasına dair məlumat;

23.7.2. büdcə xərcləri üzrə dəyişiklik aparılması ilə bağlı:

23.7.2.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.7.2.2. büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dövlət büdcəsinin xərclərinin layihəsi;

23.7.2.3. dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat;

23.7.2.4. cari il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində layihəsi;

23.7.2.5. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin xərclərinin icrasına dair məlumat.

23.8. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə müvafiq olaraq, cari il üçün dövlət büdcəsinin təsdiq olunmuş gəlir və xərcləri çərçivəsində, büdcə gəlirləri təsnifatının və büdcə xərclərinin funksional təsnifatının bölmələri səviyyəsində dəyişikliyin edilməsi nəzərdə tutularsa, bu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

23.8.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.8.2. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin icrasına dair məlumat;

23.8.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

23.9. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrində nəzərdə tutulmuş cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməklə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin layihə daxil olduğu tarixdən 20 gün ərzində müzakirə olunur və səsə qoyulur.”.

33. 25.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən dövlət borcunun məbləği, istifadəsi və ona xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin