REGİONLAR
“Büdcə təşkilatlarında vergi uçotu” mövzusunda maarifləndirici təlimlər keçirilir
Naxçıvan, 6 iyun, AZƏRTAC
Muxtar respublikanın idarə, müəssisə və təşkilatlarında çalışan mühasiblərin iştirakı ilə “Büdcə təşkilatlarında vergi uçotu” mövzusunda maarifləndirici təlimlər başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk təlim Naxçıvan Şəhər Vergilər İdarəsində keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, büdcə təşkilatlarında mühasibatlıq sahəsində çalışan şəxslər üçün vergi bəyannamələrinin, hesabatların, ərizə, arayış və digər sənədlərin tərtib edilməsi və göndərilməsi, vergilərin hesablanması üzrə praktik vərdişlərin daha da artırılmasına, bilik və bacarıqların təkmilləşdirilməsinə xidmət edən bu təlimin muxtar respublikanın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi aparatının rəhbəri Əli Şabanov vergi uçotu və mühasibat uçotunun oxşar və fərqli xüsusiyyətləri, nazirliyin Vergiödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Elçin Babayev “Büdcə təşkilatlarında vergi uçotu” bəyannamə tərtibatı proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, son illər vergi siyasətinin həyata keçirilməsi istiqamətində aparılan işlər ölkənin maliyyə resurslarının səfərbər edilməsini, dövlət büdcəsinin parametrlərinin köklü dərəcədə yaxşılaşmasını təmin edib. Buna uyğun olaraq, Azərbaycan Respublikasında Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Həmin proqramın icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vergilər sahəsində xeyli irəliləyişlərə nail olunub.
Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi istiqamətində 2013-2020-ci illəri əhatə edən tədbirlər planının qəbul olunduğunu qeyd edən çıxışçılar vurğulayıblar ki, həmin tədbirlər planına uyğun olaraq elektron auditin tətbiqinə başlanılıb, ASAN imzanın tətbiqinə keçid reallaşdırılıb, transfer qiyməti və bunun kimi innovativ məsələlər aktuallıq qazanıb. Vergi sahəsində son dövrlərdə aparılan islahatların əsas məqsədi vergi xidmətinin bütün sahələrində uğura nail olmaq, bununla da vergiödəyicilərini daha şəffaf, müasir standartlara cavab verən vergi xidməti ilə təmin etməkdən ibarətdir.
Tədbirdə təlim iştirakçılarının sualları cavablandırılıb, onlara “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin doldurulması qaydası” adlı izahat vərəqələri paylanılıb.