BUNDESFERİN HƏRƏKƏTLƏRİ BƏRAƏT ALMIŞDIR
Berlin, 14 sentyabr (AZƏRTAC). Əfqanıstan istintaq komissiyası Bundesferin 30 dinc sakinin ölümü ilə nəticələnmiş hərəkətlərinə bəraət qazandırmışdır. Müstəntiqlərin fikrincə, dinc sakinlərin ölümünə “Taliban” hərakatı məsuliyyət daşıyır. Əfqanıstan Prezidenti Həmid Kərzainin sərəncamına əsasən yaradılmış istintaq komissiyasının məlumatına görə, İSAF beynəlxalq qüvvələrinin havadan zərbələri nəticəsində Gündüz əyalətində 30 dinc sakin həlak olmuş, 9 nəfər yaralanmışdır. Bu barədə DPA agentliyinə və ARD telekanalına müsahibəsində Əfqanıstan istintaq komissiyasının üzvü Məhəmmədulla Bəkdaş məlumat vermişdir. Aviasiya zərbələri nəticəsində “Taliban” hərəkatının 69 döyüşçüsü məhv edilmiş, daha 11-i yaralanmışdır. Bəkdaş hava hücumundan sonra kəskin tənqid olunan Bundesferin hərəkətlərini müdafiə etmişdir. Müstəntiq demişdir: “Dəqiq müəyyənləşdirmişdir ki, baş verən hadisənin məsuliyyəti bütünlükdə “Taliban” hərakatının üzərinə düşür”.
Əfqanıstan istintaq komissiyasının üzvü bildirmişdir ki, bu cür şəraitdə “nəinki Almaniya hərbçiləri, həmçinin hökumətin və beynəlxalq hərbi qüvvələri də belə hərəkət edərdilər”. Bəkdaş bildirmişdir ki, yanacaqdaşıyan maşınlar düşmənin əlində qalsaydı, sonralar onlardan terrorçuluq məqsədləri üçün istifadə ediləcəkdi. Onun sözlərinə görə, taliblər yanacaqdaşıyan maşınları oğurlamaqla yanaşı, günahsız insanları da bu “cinayətə” cəlb etmişlər.
Komissiya, həmçinin müəyyən etmişdir ki, aviasiya zərbələri endirilən ərazi yaşayış məntəqəsi deyildir. Yaşayış evləri hadisə baş vermiş ərazidən 3 kilometr uzaqlıqdadır. Bundan əlavə, komissiyanın məlumatına görə, səmadan yanacaqdaşıyan maşınların ətrafında toplaşanların dinc sakin və yaxud silahlı olduğunu müəyyənləşdirmək mümkün deyildi. Bəkdaş demişdir: “Həlak olanların əksəriyyəti silahlılardır və göründüyü kimi Gündüz əyalətində Taliban və Əl-Qaidə qüvvələri böyük itkilərə məruz qalmışlar. İstintaq komissiyasının məruzəsi sentyabrın 13-də Əfqanıstan Prezidenti Həmid Kərzaiyə təqdim edilmişdir.
Qeyd edək ki, bazar günü Əfqanıstanın qərbində İSAF beynəlxalq sabitləşdirici qüvvələrin bölmələri ilə “Taliban” hərəkatı silahlıları arasında döyüşlər davam etmişdir. Toqquşmalar nəticəsində 60 nəfər həlak olmuşdur. Onlardan ən azı ikisi, ABŞ hərbi qulluqçusudur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin