Bundesver islahatlar ərəfəsində
Berlin, 5 aprel, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius bundesveri gücləndirmək üçün aparılacaq islahatlar, xüsusən də komanda heyətində islahat və kiberqoşunların yaradılması barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində bildirib. “Avropada təhdidlərin səviyyəsi artıb. Bu, bizi yeni çağırışlarla üzləşməyə vadar etdi. Buna görə də bundesverdə islahatlar aparmalıyıq və xüsusilə, müdafiə xarakterli əməliyyatlar zamanı bu qurumu optimal vəziyyətə gətirməliyik”, - deyə nazir bildirib.
İslahatlar çərçivəsində Xarici qoşunlar komandanlığı və Almaniya Federativ Respublikası ərazisindəki qoşunların komandanlığının funksiyalarını birləşdirəcək vahid operativ Mərkəzi komandanlıq yaradılacaq. Bundan əlavə, Almaniya quru, hava və dəniz qüvvələri ilə yanaşı, kiberməkanda əməliyyatlar və informasiya əməliyyatları üçün qoşunlar yaradacaq. Onlardan elektron müharibə, kiberəməliyyatlar, kəşfiyyat və informasiya infrastrukturunun mühafizəsi üçün istifadə ediləcək.
B.Pistorius qeyd edib ki, bundesverin 2025-ci il büdcəsində əlavə 6,5 milyard avroya ehtiyac olacaq. Lakin o, hakimiyyətin Almaniyada məcburi hərbi xidmətə qayıtmaq niyyəti ilə bağlı açıqlama verməyib.
2024-cü ildə bu ölkənin müdafiə xərcləri təxminən 52 milyard avro olmalıdır. 2022-ci ilin fevralında Almaniyanın Federal kansleri Olaf Şolts ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb. Almaniya hökumətinin başçısı, həmçinin bu il ölkənin onilliklər ərzində ilk dəfə olaraq, NATO dövlətlərinin liderlərindən də tələb etdiyi kimi, müdafiə xərclərinin ÜDM-in 2 faizinə çatacağını açıqlayıb. Bununla belə, “Zeit” nəşri bu həftənin əvvəlində qeyd edib ki, Almaniya hökuməti 2027-ci ilə qədər 100 milyard avroluq fondun tükənəcəyini proqnozlaşdırır və müdafiə xərclərini artırmaq üçün yeni yollar axtarır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin