MƏDƏNİYYƏT
Burada gördüklərimiz tariximizi daha dərindən öyrənmək üçün əyani dərs vəsaitinə bərabərdir
Xaçmaz, 25 avqust (AZƏRTAC, Elxan Yusifli). Mən tarixçi olmaq arzusundayam. Bu fənnə marağım çox böyükdür. Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiya zamanı qrupumuzla birlikdə xeyli tarixi abidələri ziyarət etdik. Qədim Şabran şəhərinin qalıqları, “Şeyx Cüneyd” türbəsi, Quba Soyqırımı Memorial Kompleksi, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və başqa bu kimi tarixin səhifələrini özündə əks etdirən yerləri ziyarət etməyim mənə tarixçi olmaqda çox kömək edəcək.
Bu sözləri Balakəndəki humanitar və texniki fənlər təmayüllü liseyin XI sinif şagirdi Leyla Süleymanova AZƏRTAC-a müsahibəsində dedi. Ölkəmizin şimal bölgəsinə səfərin ilk günündə qədim Şabran şəhərinin qalıqları ilə yaxından tanış olduq. Biz orada olan zaman arxeoloqlar qazıntı işləri aparırdılar. İlk dəfə idi bu prosesi canlı izləyirdim. Nə vaxtsa özüm də tarixçi olub, Vətənimizin qədim dövrlərini tədqiq etmək arzusundayam. Bu tur-aksiya zamanı gördüklərimiz tariximizi daha dərindən öyrənmək istəyən məktəblilər üçün əyani dərs vəsaitinə bərabərdir.