REGİONLAR
Buraxılış imtahanlarında heç bir qanun pozuntusu qeydə alınmayıb
Şəki, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyunun 23-də Şəki, Oğuz və Mingəçevir şəhərlərində orta ümumtəhsil müəssisələrində təhsil alan IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanları uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Oğuz və Mingəçevir şəhərlərinin hər birində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanlarda IX siniflər üzrə ümumilikdə 3714 şagirdin, XI siniflər üzrə isə 3294 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 52 imtahan rəhbəri və 628 nəzarətçi-müəllim cəlb olunub.
Regional bölmənin rəhbəri bildirib ki, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata uyğun aparılıb və imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.