ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarının nəticələri elektron imza ilə təsdiqlənəcək
Bakı, 27 may, AZƏRTAC
Buraxılış imtahanlarının və yekun qiymətləndirmənin nəticələri onlayn rejimdə elektron imza ilə imzalanmış şəkildə təhsil müəssisələrinə təqdim olunacaq. Bundan sonra isə dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi prosesi başlanacaq. Müvafiq prosedur ümumtəhsil məktəbləri üçün bu il iyunun 7-dən avqustun 1-dək yerinə yetiriləcək.
Peşə liseyləri üçün isə aprelin 10-dan başlayan bu prosesin sentyabrın 1-də başa çatdırılması nəzərdə tutulur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə “Təqvim planı”na əsasən, hər bir məzuna verilmiş dövlət nümunəli təhsil sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şagirdin təhsil müəssisəsini medalla bitirməsi haqqında məlumat “Şagird-məzun” sistemində qeyd edilir. Bu proses ümumtəhsil məktəbləri üzrə iyulun 10-dan avqustun 10-dək, peşə liseyləri üzrə isə aprelin 10-dan avqustun 10-dək müəyyənləşdirilib. “Şagird-məzun” sisteminə daxil edilmiş hər hansı bir məlumatda olan dəyişikliyin sistemdə dərhal nəzərə alınması prosesi iyunun 15-dək aparılacaq.