Bursalı şəhid ailələri Sumqayıtda olublar
Sumqayıt, 11 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Türkiyənin Bursa şəhərindən olan şəhid ailələri Azərbaycana səfər edib. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində qonaqlar Sumqayıt şəhərində olublar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Bursa və Sumqayıt şəhərlərindən olan şəhid ailələri iştirak ediblər.
Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” olmuşlar.
Qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid ailələri arasında münasibətlərin qurulmasını təmin etmək və mövcud əlaqələri daha da möhkəmləndirməkdir.
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xalqlarımızın hər zaman şəhidlərinin xatirəsini ehtiramla yad etdiyini diqqətə çatdırıb. O, hər iki ölkədə qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının əbədi və sarsılmaz olduğunu vurğulayıb.
Qonaqlar səfər çərçivəsində Sumqayıtın Şəhidlər xiyabanını ziyarət edib, Bayraq Muzeyi, Sumqayıt bulvarı ilə tanış olublar.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.