İQTİSADİYYAT
“Buta Airways” Azərbaycandan Qazaxıstana uçuşlara başlayır
Bakı, 18 mart, AZƏRTAC
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayır.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Həmin uçuşlara biletləri “butaairways.az” rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd olunub: https://www.butaairways.az/az/covid/clinics
Qazaxıstandan Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.