İQTİSADİYYAT
Bütün bölgələrdə əmək yarmarkaları keçiriləcəkdir
Bakı, 19 mart (AZƏRTAC). İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən fəal məşğulluq tədbirlərinin davamı olaraq bu il də növbəti əmək yarmarkaları başlamışdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, il ərzində ölkənin 57 şəhər və rayonunda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır.
İlk olaraq martın 19-da İsmayıllı rayonunda keçirilən əmək yarmarkasında 415 boş iş yeri təqdim olunmuş və 186 nəfərə boş iş yerlərinə göndəriş verilmiş, 12 nəfər peşə təlimi kurslarına göndərilmək üçün qeydiyyata alınmış, 15 nəfər işaxtaran haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.
Ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında isə 7 min 82 nəfər özünə münasib iş yeri əldə etmişdir.