ELM VƏ TƏHSİL
BÜTÜN UĞURLARIMIZ ÜMUMMİLLİ LİDERİN SİYASİ KURSUNUN BƏHRƏSİDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 24-də Qərb Universitetində “Son dörd ildə ölkədə bütün sahələrdə əldə edilən nailiyyətlər aparılan uğurlu siyasətin nəticəsidir” mövzusunda tədbir keçirilmişdir.
Universitetin rektoru Zemfira Məmmədova ölkəmizin və rəhbərlik etdiyi universitetin əldə etdiyi uğurlardan danışmışdır.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, YAP-ın keçdiyi tarixi yoldan və gənclərin bu siyasi təşkilatın inkişafındakı rolundan bəhs etmişdir. O, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın səadəti naminə gördüyü böyük işləri, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində müstəsna xidmətlərini, uzaqgörən daxili və xarici siyasətini bir daha xatırlatmış, onun siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Natiq ölkə iqtisadiyyatının dinamik inkişafını, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra tələbələrin sualları cavablandırılmışdır.