İQTİSADİYYAT
Buxarestdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 5-6-da Buxarestdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) 14-cü illik konfransı keçirilib. İnvestisiyalar və enerji tənzimlənməsi məsələlərinə həsr olunmuş konfrans Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə baş tutub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 34 ölkədən 190 nümayəndənin qatıldığı tədbirdə Rumıniyanın enerji sektorunda mövcud vəziyyət, təbii qaz bazarında tendensiyalar, energetika qanunvericiliyi, enerjinin maliyyələşdirilməsi və digər mövzular ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. SOCAR-ın iqtisadiyyat və uçot idarəsinin rəis müavini Ənvər Qasımov və birgə layihələr şöbəsinin rəis müavini Vüsal Abbasov konfransda iştirak ediblər.
ERRA Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.