SİYASƏT
Buxarestdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır
Buxarest, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Azərbaycanın Rumıniyadakı səfirliyi ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anma mərasimi təşkil etmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun və ARDNŞ-in Buxarestdəki nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının idarə heyətinin üzvləri, “Paul Polidor” adına Fondun, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları ulu öndərin Buxarest şəhərində ucaldılmış abidəsinin önünə əklillər və güllər qoymuşlar.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov mərasimdə çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti, onun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin və dinamik iqtisadi inkişafın bərqərar olunmasında, Rumıniya ilə dostluq əlaqələrinin və strateji tərəfdaşlığın yaradılmasında misilsiz xidmətlərindən danışmışdır.
Tədbirdə digər çıxış edənlər bu gün ölkəmizin əldə etdiyi bütün uğurların məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olduğunu vurğulamışlar.
Tədbir yerli KİV-də geniş işıqlandırılmışdır.