İQTİSADİYYAT
BVF ilə Azərbaycan Banklar Assosiasiyası ölkədəki bank sektorunun cari vəziyyətini müzakirə edib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbərləri ilə görüşündə bank sektorunun cari vəziyyəti müzakirə olunub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, görüşdə sektorun tənzimlənməsi məsələləri, korporativ və pərakəndə bankçılıqda yeni meyillər, 2015-2016-cı illərdəki neft şokundan sonra kreditləşmədə tətbiq olunan yeni standartlar, ortaya çıxan problemlər, risklərin qiymətləndirilməsi və maliyyə sektorunda aparılan hüquqi islahatlara dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, BVF missiyası iyunun 12-dən səfər müddətində Maliyyə, İqtisadiyyat, Vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, həmçinin Dövlət Neft Fondu, SOCAR, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank kimi qurumlarda məsləhətləşmələr aparır. Missiyanın ölkədə işi iyunun 27-dək davam edəcək.