MƏDƏNİYYƏT
“Cafe General Lavine” müasir musiqi layihəsi maraqla qarşılanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir musiqi əsərlərindən ibarət “Cafe General Lavine” adlı proqram təqdim olunub.
AZƏRTAC xəbər verir ki, proqramdan əvvəl musiqişünas Sara Muradova çıxış edərək musiqi gecəsi haqqında məlumat verib, K.Debüssi və A.Şönberqin əsərlərinin səsləndiriləcəyini deyib.
Bəstəkarların yaradıcılığı və səslənəcək əsərlərin özəlliyini vurğulayan musiqişünas deyib ki, K.Debüssinin 3 noktürn silsiləsindən “Pəri”, “Buludlar”, “Şənlik” əsərləri ifa olunacaq. Bu noktürnlərdən “Buludlar” Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev tərəfindən solo alətlər ansamblı üçün işlənilib. Eyni zamanda, bəstəkar bura fransız şairi Stefan Mallarmenin sözləri əsasında vokal partiya da əlavə edib.
Sara Muradova gecədə “Cafe General Lavine” əsərindən “Üç prelüd”un (“Kanope”, “Atəşfəşanlıq”, “Genereal Lavine eksentrik”) səslənəcəyini və bu əsərin də Fərəc Qarayev tərəfindən simfonik orkestr üçün yenidən işləndiyini diqqətə çatdırıb. O da bildirilib ki, əsərin premyerası ötən ilin noyabr ayında Moskvada Kremlin Böyük konsert zalında keçirilib.
Qeyd edilən əsərlərin ifası alqışlarla qarşılanıb.
Konsertin ikinci hissəsində atonal musiqinin və 12 tonlu kompozisiyanın pioneri sayılan A.Şönberqin “Aylı Pyero” vokal silsiləsi təqdim olunub. Vaxtilə bəstəkarın “İntizar” monodramını və violin konsertini kamera tərkibi üçün işləyən Fərəc Qarayev bu dəfə əksinə orijinalda beş alət üçün nəzərdə tutulan Jironun şeirlərinə “Aylı Pyero” vokal silsiləsini simfonik orkestr üçün hazırlayıb. 2018-ci ildə İsveçdə premyerası olan əsər “Universal Edition” nəşriyyatına göndərilib. Nəşriyyat öz növbəsində əsəri mərhum bəstəkarın ailəsinə yollayaraq Fərəc Qarayevin işini əsərin gələcək ifası müsbət rəy kimi dəyərləndirib. Xalq artisti XX əsrin ən mühüm partituralarından biri hesab edilən bu əsər üzərində gərgin iş aparıb. Burada həssaslıq tələb edən nüans Şönberq musiqisinin böyük orkestrdə belə orijinalla ziddiyyət təşkil etməməsi idi. Buna görə də yeni versiyada bütün alətlərin solosu dəyişilməz qalıb, hətta hər bir notun xarakteri qorunub. F.Qarayevin sözləri ilə desək, böyük simfonik orkestr Şönberqin 1912-ci ildə qoyduğu qaydalara əsasən əsəri ifa edən iki kamera ansamblına çevrilir.
“Cafe General Lavine” konsertində Azərbaycan Dövlət Simfonik Orkestri ifasında təqdim olunub. Dirijor Əməkdar artist Fuad İbrahimov və solist, soprano Fəridə Məmmədova idi. Proqram tamaşaçıların böyük alqışları ilə sona yetib.
Qeyd edək ki, Azərbaycan dinləyicisinin müasir musiqi konsertlərinə marağının artmasında F.Qarayevin bədii rəhbəri olduğu və ilk dəfə 2007-ci ildə keçirilən “Zamanla üz-üzə” müasir musiqi layihəsinin xüsusi rolu var.