REGİONLAR
“Cahan” Ticarət Kompleksində əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzlərinin tikilib istifadəyə verilməsi son illərdə qədim diyarda sosial-iqtisadi inkişafın dinamik xarakter aldığının bariz ifadəsidir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Kompleksidir.
Ticarət kompleksinin əsas binasında müxtəlif mağazaların yerləşdirilməsi, həmçinin əhaliyə bank xidmətləri də daxil olmaqla, bir sıra xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Burada müştərilərə yerli və xarici firmaların istehsalı olan uşaq, kişi və qadın geyimləri təqdim edilir. Əsas binanın ətrafında yerləşən dairəvi mağazalarda isə ərzaq məhsulları, elektrik avadanlıqları, mətbəx əşyalarının satışı həyata keçirilir, əczaxana, bərbərxana və valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir.
“Cahan” Ticarət Kompleksi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə gələnlərin sayı getdikcə artmaqdadır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də muxtar respublikada yaradılan əlverişli biznes mühitindən bəhrələnib, fəaliyyətini daha da genişləndirib. Kompleksin ərazisində müxtəlif təyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus tikilib istifadəyə verilib. Əsas binada yenidənqurma işləri aparılıb, mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb. Layihəyə uyğun olaraq, kompleksin əsas binasının ətrafında yeni mağaza və müasir avadanlıqlarla təmin olunmuş kafeteriyalar istifadəyə verilib. Eyni zamanda, ticarət kompleksinin ətrafında abadlıq işləri aparılıb, avtomobil dayanacağı yaradılıb.
Yeni korpusda dəmir konstruksiya və hörgü işləri aparılıb, ayrı-ayrı mağazalara avtomatik qapılar quraşdırılıb. Həmçinin yeni korpus və mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilib, hər bir mağazaya telefon xətti çəkilib. Burada sahibkarlara və ticarət mərkəzinin xidmətindən yararlanan vətəndaşlara internetdən istifadə etmək imkanı yaradılıb. Bundan başqa, ticarət kompleksinin əsas binasının fasad hissəsi dizayn elementləri ilə zəngin olan tikinti materialları və travertin üzlük plitələrlə bəzədilib.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərtərəfli şərait yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların müraciətləri nəzərə alınaraq ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da müasir korpus tikilərək sahibkarların istifadəsinə verilməsi zərurəti yaranıb. Bu məqsədlə “Cahan” Ticarət Kompleksinin ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının satışı bazarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mövcud su, kanalizasiya, elektrik və qaz xətləri yenilənib, müasir işıqlandırma sistemi qurulub. Həmçinin ət və ət məhsullarının satışı üçün ayrı-ayrı mağazalar istifadəyə verilib. Burada ilboyu satılan məhsullarla yanaşı, mövsümlə əlaqədar artan tələbat da nəzərə alınıb, həmin məhsulların ticarət kompleksində rahat şəkildə satılması üçün lazımi şərait yaradılıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu