MƏDƏNİYYƏT
Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov Türkiyədə “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə “Tiyatro için emek ödülü” mükafatı təqdim edilib. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov bu mükafata Adana teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Mükafatın “Halk jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir çox şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.