DÜNYA
“Canon” məhsullarının istehsalını yenidən Yaponiyaya qaytarmağa hazırlaşır
Tokio, 12 yanvar (AZƏRTAC). “Canon” şirkətinin təmsilçisi bildirmişdir ki, Yaponiya hökuməti yenin məzənnəsinin yumşaldılması xəttini davam etdirəcəyi təqdirdə, şirkət qarşıdakı üç il ərzində bu gündoğar ölkədəki istehsal həcmini mövcud 42 faizdən 50 faizə qaldırmağa hazırdır.
Yapon şirkətlərinin son illər düşdüyü durğunluq vəziyyəti yalnız Koreya Respublikası və Çindəki rəqiblərinin rəqabət qabiliyyətinin artması ilə deyil, həmçinin yenin məzənnəsinin möhkəmlənməsi ilə əlaqələndirilir. Nəticədə yerli sahibkarlar ölkə ərazisində istehsal mənfəət gətirmədiyinə görə, öz aktivlərini məhsul istehsalı üçün daha sərfəli olan regionlara köçürmüşlər.
“Canon” bu bəyanatı ilə bildirmək istəyir ki, Yaponiya hökuməti öz iqtisadi xəttini davam etdirəcəyi təqdirdə vəziyyət dəyişə bilər. 2008-ci ilin iqtisadi böhranınadək “Canon” şirkəti istehsalın 60 faizini ölkə ərazisində yerləşdirmişdi, yalnız 2009-cu ildə bu rəqəm 40 faizə endirildi.
Şirkətdən bildirmişlər ki, Yaponiya ərazisindəki boşalmış fabrikləri yenidən həyata qaytarmaq o qədər də çətin iş deyil və bundan əlavə “Canon” yerli istehsal məsrəflərini avtomatlaşdırılma yolu ilə azaltmağı planlaşdırır. İşçi qüvvəsinin baha olduğu ölkələrdə belə tədbirlər özünü doğruldur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio