DÜNYA
CAR-DA QIZIL HASİLATI
Dünya qızıl istehsalçısı kimi Cənubi Afrika Respublikasının vəziyyəti təhlükə ilə üzləşə bilər. Bu, ölkənin mədənlərində qızıl hasilatının azalması və ABŞ-ın, Avstraliyanın fəallaşması ilə əlaqədardır. CAR-ın Faydalı Qazıntılar və Energetika Nazirliyinin mütəxəssisləri belə qənaətə gəlmişlər.
CAR-da qızıl metal hasilatına başlandığı 1884-cü ildən bəri ölkədə 48500 ton qızıl çıxarılmışdır ki, bu da bütün dünya hasilatın 35 faizinə bərabərdir. 1983-cü ilədək ölkənin bütün valyuta gəlirinin yarısını qızıl verirdi. İndi isə onun payı 20 faizə enmişdir.
İTAR-TASS-ın məlumatına görə, CAR-da 1990-ci ildə 605 ton, 2000-ci ildə isə 428 ton qızıl hasil edilmişdir. 2002-ci ildə ABŞ-da və Avstraliyada müvafiq olaraq 355,2 ton və 296,4 ton qızıl çıxarılmışdır.
Qiymətli metallar üzrə ekspertlər bildirirlər ki, ötən il sentyabrın 11-də ABŞ-da törədilmiş terror aktları qızıla olan təlabata müxtəlif dərəcədə təsir göstərmişdir. Belə ki, bir sıra ölkələrdə, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Tailandda və ABŞ-da qızıla təlabat artmışdır. Digər tərəfdən isə, qızıldan hazırlanmış zərgərlik məmulatına təlabat kəskin surətdə aşağı düşmüşdür. Məsələn, ötən ilin üçüncü rübündə bütün dünyada zərgərlik sənayesində qızıldan istifadə edilməsi 10 faiz azalaraq 649 ton təşkil etmişdir.
Qızıla təlabatı təkcə zərgərlik məmulatı hesabına deyil, həm də müxtəlif sənaye sahələrində onun tətbiqini genişləndirməklə artırmaq lazımdır. Bu sarı metalın qeyri-adi xüsusiyyətləri, o cümlədən yüksək keçiricilik qabiliyyəti, korroziyaya uğramaması, radiasiyadan qoruya bilməsi yüksək texnologiyalar əsrində onu əvəzsiz edir. Hazırda dünyada sənayedə, dekorativ zərgərlik məmulatı hazırlanmasında və təbabətdə 400 tondan artıq qızıldan istifadə olunur.