İDMAN
Cari il Azərbaycan Alpinizm Federasiyası üçün uğurlu olmuşdur
Bakı, 15 noyabr (AZƏRTAC). Cari il Azərbaycan Alpinizm Federasiyası üçün uğurlu olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında Azərbaycan Alpinizm Federasiyasının (AAF) vitse-prezidenti Səridan Mursaqulov demişdir. Bildirmişdir ki, AAF Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT), həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə cari ildə Pamir dağının zirvələrinə ekspedisiyalar təşkil etmişdir. Alpinizm üzrə Azərbaycan yığma komandasının üzvləri - Firuz Dadaşov, Rüfət Qocayev, Sirxan Məmmədov bu ekspedisiyaları uğurla başa vurmuşlar. Onlar iyulda Əbu Əli İbn Sina (keçmiş Lenin, hündürlüyü 7134 metr), avqustda isə Yevgeni Korjenevski (7105 metr) və İsmayıl Samoni (keçmiş Kommunizm, 7495 metr) zirvələrini fəth etmişlər.
Ekspedisiyalar müvafiq olaraq Azərbaycanın dahi şəxsiyyətlərinə - Qarabağ xanlığının banisi və hakimi, dövlət xadimi Pənahəli Xan Cavanşirə, görkəmli Azərbaycan dirijoru Niyazinin 100 illik və Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuşdur.
Azərbaycan alpinistlərinin “Qar bəbiri” adına namizəd olduqlarını bildirən S.Mursaqulov, bu adın keçmiş SSRİ ərazisində 6 zirvəni fəth edənlərə verildiyini diqqətə çatdırmışdır.
Alpinistlər Firuz Dadaşov və Rüfət Qocayev təşkil olunan ekspedisiyalar barədə məlumat vermiş, keçmiş Lenin və Kommunizm zirvələrinin fəthinin taktiki baxımdan çətin olduğunu nəzərə çarpdırmış və qarşıdakı planları haqqında danışmışlar.
Mətbuat konfransında gələn il həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə 2013-cü ildə alpinizm festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan alpinistlərinin Himalay dağına yürüşü planlaşdırılır. İdmançılarımız xarici ölkədən olan həmkarları ilə birlikdə Everest zirvəsini artıq fəth etmişlər. Gələn il təşkil olunacaq yürüşdə isə ancaq Azərbaycan alpinistləri iştirak edəcəklər.